Sidney şəhərində fəaliyyət göstərən Avstraliya Azərbaycanlıları Assosiasiyası ölkəmizin sülh səylərinin dərk edilməsi və dəstəklənməsi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Assosiasiyanın adından Birləşmiş Millətlər Təşkilatının Avstraliyanın Yeni Cənubi Uels ştatındakı nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli avstraliyalılar Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində Cənubi Qafqaz regionunda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdiklərini qeyd ediblər.
Bəyanatda 30 il ərzində Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın Qarabağ bölgəsinin xarabalığa çevrildiyinə və 2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığına diqqət cəlb edilib. Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu kimi faktlar bir daha sadalanıb.
Avstraliya Azərbaycanlıları Assosiasiyası beynəlxalq təşkilatları erməni yalanlarına inanmamağa, işğaldan azad edilmiş Qarabağda irimiqyaslı bərpa-yenidənqurma layihələrini həyata keçirmək məqsədilə bölgəyə çoxmilyardlı sərmayələr yatıran Azərbaycanın sülhsevər mövqeyini əməli şəkildə dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.