Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) apardığı əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir.
ANAMA-dan bildirilib ki, Marşal İrsi İnstitutu ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumuna əsasən daha 6 Malinua cinsli minaaxtaran it Agentliyə təhvil verilib.
Xüsusi hazırlıq keçmiş minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində müəyyən olunmuş karantin rejimində saxlanıldıqdan sonra, Beynəlxalq Minatəmizləmə Standartlarına əsasən uyğunluğun qiymətləndirilməsi prosesindən keçirilir. Sonra müvafiq şəkildə Qarabağ və Şərqi Zəngəzurda icra edilən minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.
Qeyd edək ki, bu ilin fevral və aprel aylarında Agentliyə təhvil verilən minaaxtaran itlər aidiyyəti mərhələlərdən keçərək, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz mühitin yaradılması istiqamətində dəstəyini göstərir.