ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin sülh səylərinin dəstəklənməsi və Cənubi Qafqaz regionunda yaranmış mövcud durumla bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Minnesota Azərbaycan Assosiasiyası adından Birləşmiş Millətlər Təşkilatının Cenevrədəki nümayəndəliyinə ünvanlanan bəyanatda Azərbaycan əsilli amerikalıların Ermənistanda mövcud olan revanşist əhval-ruhiyyəli qüvvələrin və erməni diasporunun yolverilməz əməlləri nəticəsində regionda yaranmış mövcud vəziyyətdən dərin narahatlıq hissi keçirdikləri qeyd edilib.
2020-ci ildə baş vermiş müharibədən sonra qalmış aktual problemlərin həll olunmadığı, Ermənistan silahlı qüvvələri tərəfindən döşənmiş minalar nəticəsində indiyədək Azərbaycanın 300-dən çox günahsız mülki vətəndaşının və hərbi qulluqçusunun öldüyü və yaralandığı, regional əməkdaşlığa sadiqliyini qonşu Gürcüstanın timsalında sübut edən Azərbaycanın beynəlxalq hüquqa uyğun olaraq öz ərazilərində, o cümlədən nəqliyyat-kommunikasiya yolları üzərində suverenliyini qorumağa çalışdığı, Xankəndi-Laçın yolunun açıq olduğu bir daha diqqətə çatdırılıb.
Minnesota-Azərbaycan Assosiasiyası beynəlxalq təşkilatları erməni uydurmalarına inanmamağa, işğaldan azad edilmiş Qarabağ bölgəsində irimiqyaslı bərpa-yenidənqurma layihələri həyata keçirən sülhsevər Azərbaycanın mövqeyini dəstəkləməyə və tərəflər arasında konstruktiv dialoqun təşkilinə yardım göstərməyə çağırıb.