“Cəfər Cabbarlı” keçid stansiyasının birinci yolunda əsaslı təmir və yenidənqurma işlərinin növbəti mərhələsi başlanıb.
Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, söküntü işləri hələ tam yekunlaşdırılmasa da, yarasız konstruktiv elementlər bərpa olunmaqdadır. Sərnişin qalereyasının (paylama zalı) tağ-tavanında axıntılar ləğv edilib, tübinq örtüyü təmizlənərək, korroziya əleyhinə boya ilə rənglənib. Orada və stansiya yolunda qrunt sularının istiqamətləndirilməsi üçün paylama zalı və yol tuneli divarlarında novçalar quraşdırılıb. Qrunt suları elastik borular vasitəsilə tavandan bu novçalara, oradan isə drenaj sisteminə yönləndirilir.
B.Məmmədov əlavə edib ki, yararsız hala gəlmək üzrə olan sərnişin platforması sökülüb. Möhkəmlənmiş konstruksiyalar üzərində yeni monolit dəmir-beton platforma tikilib və beton örtüyü hamarlanıb. Stansiya yoluna keçid xarakterli 6 pilondan 4-ü yenidən qurulub. Pilon divarları möhkəmləndirilir və bu iş başa çatdıqdan sonra divarların arxasına sement məhlulu vurulacaq. Bildirib ki, hazırda platformaaltı sahədə rabitə, işarəvermə və elektrik kabellərinin atılması üçün kronşteynlər quraşdırılır, döşəmənin yeni betonu hamarlanır. Stansiyanın yol divarının qranitlə üzlənməsi üçün hazırlıq işləri başa çatdırılıb, divar betonlanıb, müvafiq konstruksiya qurulub.
Təmirin sonrakı dövründə platforma üzərindəki növbətçi otaq sökülərək yenilənəcək. Sağlamlaşdırma tədbirləri çərçivəsində stansiya və dalan istiqamətində tunel birləşmələrində (diafraqma) gücləndirmə işləri aparılacaq. Orta zalda tübinq bəndləri möhkəmləndiriləcək. “Cəfər Cabbarlı-Xətai” birinci tunel yolunun 100 metr hissəsində tunel köynəyinin (çuqun tübinqin) gücləndirilməsi də planlaşdırılır.