BAŞ NAZİR DAĞISTAN RƏHBƏRİNƏ BAŞSAĞLIĞI VERİB

Baş nazir Əli Əsədov Dağıstan rəhbərinə başsağlığı verib.

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 15-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Mahaçqalada çoxsaylı insan tələfatına səbəb olan yanacaqdoldurma məntəqəsində baş verən partlayışla əlaqədar Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikova başsağlığı verib.

Əli Əsədov Dağıstanın rəhbərinə, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.

Xatırladaq ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində dünən yerli vaxtla saat 21:50-də yanacaqdoldurma məntəqəsində partlayış baş verib. Hadisə nəticəsində 30 nəfərin həlak olduğunu, 100 nəfərdən çox insanın yaralandığı bildirilib. Yaralıların içində azyaşlılar da var.