Avqustun 13-də Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirir.
DİM-dən bildirilib ki, imtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş olunur. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– şəxsiyyəti təsdiq edən sənədin əsli;
– “İmtahana buraxılış vərəqəsi”.
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 8 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 474, BB qrupu üzrə 1556 olmaqla ümumilikdə 2030 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 24 imtahan rəhbəri, 187 nəzarətçi müəllim, 30 buraxılış rejimi əməkdaşı ayrılıb.