FHN YENİDƏN ƏHALİYƏ ÇAĞIRIŞ EDİB

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə növbəti dəfə müraciət edib.

Müraciətdə deyilir ki, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar tərəfindən çimərliklərlə bağlı təhlükəsizlik qaydalarının pozulması hallarına rast gəlinir.

“Bu da sonda acı nəticələrə səbəb olur”, – qurumdan qeyd edilib.

Xüsusilə həftəsonu insanların istirahət üçün kütləvi şəkildə dənizə üz tutmasını nəzərə alaraq, FHN əhaliyə bir daha müraciət edərək çimərliklərlə bağll təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb:

“Belə ki, aşağıdakılar qadağandır:

– çimərlik kimi nəzərdə tutulmamış ərazilərdə çimmək;

– çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

– küləkli havada dənizə girmək;

– çimərlikdə gecələmək;

– sərxoş halda çimərlikdə olmaq;

– suda kobud hərəkətlər etmək;

– çimərlikdə balıq tutmaq;

– xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

– çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

– Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!”.

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə edilib.