Qanunsuz evlərin sənədləşdirilməsi insanları daim narahat edən bir problemdir. Bu məsələni həll etməyin də müəyyən çətinlikləri var, çünki elə evlər var ki, onlar tikilərkən heç bir sənəd əldə olunmayıb, tamamilə tikinti normalarına zidd evlər tikilib .
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, tikinti zamanı istər tikintiyə dair, istər torpaqların ayrılmasına dair heç bir sənəd alınmayıb, qanunvericilikdə olan şərtlərin yerinə yetirilməsi ilə bağlı məsələlər nəzərə alınmayıb.
“Artıq bir neçə ildir qanunsuz evlərin sənədləşdirilməsi üzərində işlənilir və proses davam edir. Müəyyən məsələlər var ki, həll olunub. İlkin olaraq, hər iki sənədi, yəni tikintiyə və torpağın alınmasına dair sənədləri olan evlərin bəzilərinin tam hüquqi sənədləri tərtib edilib verilib, bəziləri ilə bağlı araşdırmalar gedir. Ancaq məsələ gündəmdədir və sözsüz ki, bu məsələnin tezləşdirilməsi vacibdir. Çünki insanlar yaşadıqları evlərə qeydiyyata düşə bilmirlər.
Bunun da günahı ilk olaraq bu torpaqları qanunsuz vətəndaşlara satanlardır, bu evlərin tikintisinə icazə verənlərdir. Çünki elə ərazilər var ki, orada heç bir infrastuktur yoxdur, işıq, qaz, kanalizasiya xəttləri yoxdur, hətta yol xətti də yoxdur. Elə ərazilər var ki, orada tikinti aparmaq olmazdı. Elə evlər var ki, tamamilə tikinti normalarına zidd evlər tikiblər və onların uçmaq təhlükəsi var. İndi əgər bu evlər sənədləşdirilərsə, gərək o sənədi verən müvafiq qurumlar məsuliyyət daşımalıdır. Ona görə də ciddi araşdırmalar aparılmalıdır. Bəzilərinə asan gəlir ki, elə hamıya sənəd versinlər. Elə deyil, yüksək gərginlikli elektrik xəttlərinin altında, dəmiryol və magistral yolların kənarlarında tikilən evlər var. Onlar mütləq sökülməlidir çünki həmin ərazilər strateji əhəmiyyətlidir, oradan magistral geniş yol keçə bilər.
Müvafiq icra strukturları, bələdiyyələr vaxtilə qanunsuz evlərin tikilməsinə şərait yaradıblar və çox təəssüflər olsun ki, bu gün də həmin qanunsuz evlərin tikintisi davam edir”, – deyə T.Rzayev əlavə edib.