İyunun 9-da Bakıda “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda beynəlxalq simpozium keçirilir.
TÜRKPA, Milli Məclis və Azərbaycanda Atatürk Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən simpozium türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində ölkəmizin Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr olunub.
Hibrid formatda (fiziki və onlayn iştirak) təşkil edilən tədbirdə üzv ölkələrdən parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri, səfirlər və üzv ölkələrin aparıcı universitetlərinin nümayəndələri iştirak edirlər.
TÜRKPA-nın fəaliyyətdə olan sədri, Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop simpoziuma videomüraciət ünvanlayıblar.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin deputatı Nizami Cəfərov, TÜRKPA-nın Baş katibi Altınbek Mamayusupov, TÜRKSOY-ın Baş katibi Düsen Kaseynov, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının sədri, TBMM-in üzvü İsmet Uçma simpoziumum açılış mərasimində iştirak edirlər.
Açılış mərasimindən sonra keçiriləcək panel sessiyalarda iştirakçılar türkdilli ölkələrdə son 30 ildə əldə edilmiş nailiyyətlər və inkişaf, bu kontekstdə parlamentlərin rolu, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfərinin türk dünyası üçün əhəmiyyəti, o cümlədən Türk əməkdaşlıq təşkilatları çərçivəsində gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılacaq.