İRAN BAŞ PROKURORUNUN MÜAVİNİ: TEHRANDAKI SƏFİRLİYƏ HÜCUMUN İSTİNTAQI QISA MÜDDƏTDƏ TAMAMLANACAQ

Avqustun 8-də İranın Baş prokurorunun təhlükəsizlik və siyasi məsələlər üzrə müavini Mehdi Əmiri İsfahaninin rəhbərlik etdiyi, xarici işlər və digər aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri başlayıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Nümayəndə heyətini qəbul edən Baş prokuror Kamran Əliyev qəbul edib.

Qəbul zamanı cari il yanvarın 27-də ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə əlaqədar Azərbaycan və İranın aidiyyəti qurumlarında istintaq olunan cinayət işləri barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, habelə, hüquq-mühafizə orqanları əməkdaşlarının hadisə vaxtı göstərdiyi fəaliyyətsizliyin, bu terror aktının törədilməsinin səbəb və hallarının yoxlanılmasının, cinayəti törətmiş və cinayətlə əlaqəsi olan bütün şəxslərə qanunla nəzərdə tutulmuş layiqli cəzanın verilməsinin zəruriliyini vurğulayıb.

Mehdi Əmiri İsfahani cari ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücumdan təəssüf hissi keçirdiyini bildirirək, Azərbaycan xalqına, hadisə nəticəsində şəhid olmuş və zərərçəkmiş şəxslərin ailə üzvlərinə başsağlığı verib. Bundan başqa, o, cinayət işinin istintaqının gedişatı barədə ətraflı məlumat verərək qısa müdət ərzində istintaqın tamalanaraq iş üzrə qanuni qərarın qəbul olunmasının təmin ediləcəyini və təqsirli şəxslərin layiqli cəza alacağını bildirib.