Azərbaycan-Özbəkistan münasibətlərində hər zaman müsbət dinamika müşahidə olunur. Ölkələrimiz arasında fəal siyasi dialoq mövcuddur.
Bu fikirləri Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəisi Zamin Əliyev avqustun 8-də Bakıda keçirilən “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda tədbirdə səsləndirib.
XİN-in rəsmisi iki ölkənin xarici işlər nazirlikləri arasında 150-dən çox sənəd imzalandığını bildirib. Strateji əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini qeyd edən Z.Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında iqtisadi əməkdaşlığın, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin önəmini vurğulayıb.
O, ticarət dövriyyəsinin artırılmasının vacibliyini diqqətə çatdıraraq beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Zəngəzur dəhlizi istiqamətində birgə əməkdaşlıqdan bəhs edib. Türk İnvestisiya Fondunun əhəmiyyətini xüsusi vurğulayan XİN-in rəsmisi ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da müsbət dinamikada inkişaf edəcəyinə əminliyini bildirib.