BAKIDA AVROPA GƏNCLƏR PARLAMENTİNİN 99-CU BEYNƏLXALQ SESSİYASI KEÇİRİLİR

Bakıda Avropa Gənclər Parlamentinin 99-cu Beynəlxalq Sessiyası keçirilir.

Gülüstan sarayında açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın dövlət himni səsləndirilib, mədəni proqram təqdim edilib.

Gənclər və İdman Nazirliyinin dəstəyi və tərəfdaşlığı ilə keçirilən tədbir avqustun 12-dək davam edəcək.

Tədbirdə gənclərin təhsil imkanlarının genişləndirilməsi müzakirə ediləcək. Avropa Parlamentinin simulyasiyası əsasında keçiriləcək tədbirdə 12 fərqli mövzu üzrə komitə iclasları Assambleyanın sessiyası təşkil olunacaq. Bundan başqa, plenar dinləmələr və debatlar keçiriləcək. Səsvermə ilə qəbul olunacaq qətnamələr Avropa Parlamenti gənclərin təşəbbüsü adından təqdim olunacaq.

Beynəlxalq tədbirdə iştirak edəcək gənclərdə mədəniyyətlərarası dialoqun gücləndirilməsi məqsədilə “Avropa şəhərciyi və “Avrokonsert” tədbirləri, Azərbaycanın zəngin tarixi-mədəni irsinin əcnəbi iştirakçılara yaxından tanıtdırılması üçün isə əyləncəli proqramlar, turlar və muzeylərə ekskursiyalar təşkil ediləcək.

Qeyd edək ki, Avropa Gənclər Parlamenti Avropanın ən böyük gənclər platformalarından biridir, 40 ölkədə fəaliyyət göstərən üzv təşkilatları, 6 minə yaxın könüllüsü var.