QƏBƏLƏ FESTİVALINDA LİTVA KAMERA ORKESTRİNİN KONSERTİ MARAQLA QARŞILANIB

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı artıq bir həftəyə yaxındır musiqisevərləri, şəhərin qonaqlarını maraqlı konsert proqramları ilə sevindirir.

Festival çərçivəsində avqustun 1-də axşam açıq havada konsert səhnəsində tamaşaçılara Litva Kamera Orkestrinin konserti təqdim olunub.

Tamaşaçılar Polşadan gəlmiş violin ifaçısı Mariusz Patyranın ifasını böyük maraqla izləyiblər. Polşalı musiqiçi öz virtuoz ifası ilə Qəbələ festivalının proqramına xüsusi ahəng qatıb.

Konsertdə V.A.Motsartın “Kiçik gecə serenadası”, Z.Kodalyın “Kallayi kəndinin rəqsləri”, Y.Sukun “Sevgi mahnısı”, M.Ponse-Y.Heyfetsin “Kiçik ulduz”, F.Kreyslerin “Vyana kapriççiosu”, F.Latenasın “Bolero”, B.Dvarionasın “Göl qırağında”, A.Dvorjak-Y.Heyfetsin “7 nömrəli Yumoreska”, F.Şopen-N.Milsteinin “Noktürn”, A.Batsininin “Cırtdanların rəqsi”, Q.Diniku-Y.Heyfetsin “Hora Staccato” əsərləri səsləndirilib.

Festival çərçivəsində avqustun 2-də saat 18:00-da Heydər Əliyev Konqres Mərkəzində tamaşaçılara növbəti kamera musiqisi təqdim ediləcək.