
Avstriyanın Xarici İşlər Nazirliyi ekstremal hava vəziyyətini nəzərə alaraq, xaricə səyahət edən vətəndaşlara nazirliyin saytında və ya müvafiq tətbiq vasitəsilə qeydiyyatdan keçməyi tövsiyə edib. Qeyd edilib ki, bu yolla xilasetmə və təxliyə əməliyyatları tələb olunduğu zaman, avstriyalı turistlərin yerini müəyyən etmək və onların ölkəyə geri dönüşünə şərait yaratmaq asanlaşacaq.
Yunanıstanın Rodos adası və ölkənin digər ərazilərində baş verən meşə yanğınları ilə əlaqədar nazirlikdə böhran ştabı gündəlik rejimdə iclaslarını keçirir və həmçinin avstriyalı turistlərin təxliyəsini təmin etmək üçün mobil böhran qrupu Rodosa göndərilib. Bundan başqa Aralıq dənizi hövzəsində yanğın və hava ekstrimlərini nəzərə alaraq, nazirlikdəki böhran ştabı öz fəaliyyətinə Fransa, İtaliya, Xorvatiya, Portuqaliya və Türkiyədəki vəziyyəti izləməyi də əlavə edib.
Nazirlikdən bildirilib ki, hazırda Aralıq dənizi hövzəsindəki yanğınlar və Şimali İtaliyadakı fırtınalarla əlaqədar heç bir avstriyalının xilas edilməsi tələb olunmayıb. Bununla belə nazirlikdən saytda ödənişsiz qeydiyyatdan keçmək bütün turistlər üçün tövsiyə olunub.
