
Fransanın hakimiyyət orqanları avqustun 1-də fransızların Nigerin paytaxtı Niameydən təxliyəsinə başlayacaq.
Bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
“Niameydəki vəziyyəti, Fransa səfirliyinə qarşı zorakılıq aktlarını, hava məkanının bağlanmasını, fransızların ölkəni müstəqil şəkildə tərk etmək imkanından məhrum etdiyini nəzərə alaraq, Fransa həmvətənlərinin və Avropa vətəndaşlarının təxliyəsinə hazırlaşır. Təxliyə bu gün başlayacaq”, – XİN-in bəyanatında belə deyilir.
Fransa Xarici İşlər Nazirliyi hazırda Nigerdə 500-600 nəfər fransızın yaşadığını bildirib. Təxliyə Niameydən hava nəqliyyatı ilə həyata keçiriləcək.
Bir müddət öncə Nigerin hərbi hakimiyyəti Fransanı ölkəyə qarşı hərbi müdaxiləyə hazırlaşmaqda ittiham etmişdi.
Xatırladaq ki, Nigerin paytaxtında Fransanın regiondakı ən iri aviabazası yerləşir. Orada 1,5 minə yaxın fransalı hərbçi dislokasiya olunub. Eyni zamanda, ölkə ərazisində Almaniya, İtaliya və ABŞ-a məxsus hərbi bazalar da mövcuddur.
