İSVEÇRƏDƏKİ İCMAMIZ: AVROPA ŞURASININ BAŞ KATİBİNİN LAÇIN YOLU İLƏ BAĞLI AÇIQLAMASI BÖYÜK TƏƏSSÜF DOĞURUR

İsveçrədə yaşayan Azərbaycan icması Laçın-Şuşa-Xankəndi yolu ətrafında yaranmış vəziyyətlə əlaqədar Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin mövqeyini sərt şəkildə pisləyib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyasının adından Avropa Şurasının Baş katibinə ünvanlanan bəyanatda onun böyük təəccüb və təəssüflə qarşılanan 28 iyul tarixli açıqlamasının Avropa Şurasının Nizamnaməsində, İnsan Hüquqları üzrə Avropa Konvensiyasında və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş məqsəd və prinsiplərə zidd olduğu diqqətə çatdırıb.

Qeyd edilib ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin guya blokadaya alınması və humanitar fəlakətlə üzləşməsi barədə deyilənlər Ermənistanın beynəlxalq ictimai rəyi çaşdırmaq üçün əl atdığı növbəti böhtan və cəfəngiyatdır.

Otuzillik işğala və məşəqqətlərə baxmayaraq, Azərbaycan dövlətinin iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması, hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış etdiyi bir daha Baş katibə xatırladılıb.

Rəsmi Bakının sülh və normallaşmaya nail olmaq məqsədilə beynəlxalq hüququn normalarına uyğun şəkildə ardıcıl addımlar atması fonunda Ermənistanın 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya zidd olaraq təxribatlar törətməklə məşğul olduğu diqqətə çatdırılıb. Ermənistanın məsuliyyətsiz davranışının 2020-ci ilin noyabr ayından bəri iki jurnalist də daxil olmaqla, 303 azərbaycanlının Qarabağ bölgəsində mina qurbanına çevrilməsi ilə nəticələndiyi bildirilib.

Belə vəziyyətdə Ermənistan tərəfinin bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayması siyasi şantaj və manipulyasiya, bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaq məqsədi kimi qiymətləndirilib.

Baş verən bütün təxribatlara görə məsuliyyətin Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistanın və onun rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

İsveçrə Azərbaycanlılarının Dostluq, Mədəniyyət və Həmrəylik Assosiasiyası 1980-ci illərin sonlarından etibarən Ermənistanın yol verdiyi bütün bəşəri və hərbi cinayətlərə (öz doğma yürdlarından zorla qovulmuş bir milyona yaxın azərbaycanlının çəkdiyi iztirablara, Azərbaycanın Xocalı şəhərində soyqırımı törətməsinə, 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamasına, Naxçıvan Muxtar Respublikasını 32 ildir blokadaya almasına, son üç il ərzində Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğuna, kommunikasiyaların açılmasına mane olması) göz yuman bir sıra ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edib.