
“Paris-2024” Yay Olimpiya və Paralimpiya oyunları bir il sonra – 2024-cü il iyulun 26-da başlayacaq. “Paris-2024”ün Sena çayında 10 min idmançının iştirakı ilə açılış mərasimi keçiriləcək.
Bu barədə “Paris-2024”ün Təşkilat Komitəsi məlumat yayıb.
Bildirilib ki, Oyunlarda təhlükəsizliyin tənzimlənməsi əsas məsələdir. Yaxşı təşkil olunmuş tədbir təhlükəsiz tədbirdir. Bu məsələ ilə bağlı çatışmazlıqlar artıq dilə gətirilir. İdman yarışlarının keçiriləcəyi məkanlarda milyonlarla turist gözlənildiyi, eləcə də, Sena çayının sahilində 6 kilometr məsafədə açılış mərasiminə qatılacaq idmançılar və ictimaiyyətin təhlükəsizliyini təmin etmək üçün kontingent çatışmazlığı olduğundan, orduya müraciət olunacaq. Üç dəfə tender elan edilməsinə baxmayaraq, lazımı sayda təhlükəsizlik kontingenti toplanılmayıb və bu boşluq hərbiçilərin səfərbər edilməsi ilə təmin olunacaq.
Qeyd edilib ki, Olimpiya şəhərciyi və məşqlərin keçirilməsi ilə bağlı 53 tikinti layihəsinin gedişatı plana uyğun davam edir. Oyunlarla bağlı əsas məsələlərdən biri də, nəzərdə tutulmuş büdcədir. 2022-ci ildə xərclərin 4,4 milyard avro olduğu bildirilir. Bu məbləğin 96 faizi özəl sektorun, 1,7 faizi isə dövlət və yerli kollektivlərin payına düşüb.
Ümumiyyətlə, Oyunlar üçün 2017-ci ilin sentyabrında 6,6 milyard avro büdcə ayrılsa da, bu gün ümumi xərclərin təxminən 8,8 milyard olduğu qeyd edilir. Ancaq yekun büdcə Oyunlardan sonra dəqiq bilinəcək. Belə ki, əlavə təhlükəsizlik qüvvələrinin səfərbər edilməsi ilə bağlı əlavə xərclər gözlənilir.
Oyunlarda könüllülərə gəldikdə isə dünyanın müxtəlif ölkələrindən 312 min namizəd müraciət edib. Onlardan 45 min könüllü seçiləcək. Sentyabrda başlayacaq seçim dekabradək davam edəcək. Könüllülər 2024-cü il may ayından təlimlərə başlayacaqlar.
“Paris-2024”də Rusiya və Belarus atletlərinin iştirakı ilə bağlı müxtəlif idman növləri üzrə beynəlxalq federasiyaların qərar qəbul edəcəyi bildirilib. Qeyd edilib ki, Beynəlxalq Olimpiya və Paralimpiya komitələri iyulun 26-da 203 milli Olimpiya komitəsinə (Rusiya, Belarus və Qvatemala istisna olmaqla) dəvətnamə göndərəcək.
