SABAH BƏZİ RAYONLARDA LEYSAN YAĞACAQ, DOLU DÜŞƏCƏK

Azərbaycanda iyulun 24-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 27-32° isti olacaq.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən dağlıq ərazilərdə başlayaraq arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 32-37° isti olacaq.