
Azərbaycanı Çində keçiriləcək XXXI Ümumdünya Yay Universiadasında 16 idman növündə 88 idmançı təmsil edəcək.
Bu sözləri Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdir müavini, nümayəndə heyətinin rəhbəri Nicat Həsənov iyulun 20-də XXXI Ümumdünya Yay Universiadasına həsr olunmuş mətbuat konfransında deyib.
Nümayəndə heyətinin rəhbəri Azərbaycan idmançılarının yarışda iştirakı üçün görülən işlər barədə jurnalistlərə məlumat verib. N.Həsənov nümayəndə heyətinin iyulun 24-də Çinin Çenqdu şəhərinə yola düşəcəyini qeyd edərək deyib: “XXXI Ümumdünya Yay Universiadasına, ümumilikdə, 130 nəfər gedəcək. Azərbaycan universiadalar tarixində ilk dəfə ən böyük heyətlə təmsil olunacaq. Yarış iyulun 28-dən avqustun 8-dək keçiriləcək. Komandamız avqustun 9-da Vətənə qayıdacaq. Universiadada 20 ali təhsil müəssisəsindən 18-27 yaş aralığında olan idmançılar mübarizə aparacaqlar”.
Nicat Həsənov bildirib ki, Azərbaycan komandasının bayraqdarı kişilərdə atlet Nazim Babayev, qadınlarda cüdoçumuz Gültac Məmmədəliyeva olacaq. Bu il yarışa 100-dən çox ölkə qeydiyyatdan keçib. Bəzi idman növü üzrə idmançılarımız təlim-məşq toplanışından sonra Çinə yollanacaqlar.
