İRAQ MEDİASI: BAKI GƏLƏCƏKDƏ DƏ BAĞDAD VƏ ƏRBİL İLƏ İQTİSADİ ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRƏCƏK

İraqın “Şafaq”, “BNN network”, “Kurdistan24” qəzet və portalları İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri zamanı rəsmi Bakının Bağdad və Ərbil ilə əlaqələrin inkişafında maraqlı olduğunu yazıb.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Neçirvan Bərzanini qəbul etməsi barədə ətraflı məlumat verilib. Materiallarda qeyd edilib ki, Azərbaycanın dövlət başçısı Neçirvan Bərzaninin səfərinin İraq və Kürdüstan Regionu ilə əməkdaşlığın dinamikasının artması işinə töhfə verəcəyini bildirib. Prezident İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Məqalələrdə, həmçinin Neçirvan Bərzaninin Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşü barədə də məlumat verilib. Yazılarda bildirilib ki, bu görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.