
İyulun 18-də 7 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələr üzrə daxili müsahibə elanı verilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 28-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 24-ü B növü vəzifələrə (inzibati icraçı) aiddir.
Ümumilikdə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 14, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 13, Dövlət Turizm Agentliyində 10, Dövlət Statistika Komitəsində 9, Hesablama Palatasında 3, Maliyyə Nazirliyində 2 və Bakı Şəhəri Xətai Rayon Məhkəməsində 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.
Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Mərkəz tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.
Daxili müsahibədə aşağıda qeyd olunan kateqoriyalara aid şəxslər iştirak hüququna malikdir:
-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;
-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər.
Daxili müsahibədə iştirak etmək istəyən namizədlər iyulun 18-dən 28-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.
