BAKIDA KLASSİK AVTOMOBİLLƏRİN YÜRÜŞÜNƏ QEYDİYYAT BAŞLAYIB

Növbəti dəfə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək. Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Zhara Events”in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Avqustun 26-da Heydər Əliyev Mərkəzindən start götürəcək klassik avtomobillər “Sea Breeze” istirahət mərkəzinədək yürüş edəcəklər. “Sea Breeze” ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək.

Tədbirin ikinci günü – avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı ilə davam edəcək.

Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər avqustun 10-dək qeydiyyatdan keçirilə bilər. Avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı info@faa.az və ya (+99450) 295 01 00 nömrəsinə müraciətlə aparılır.