PREZİDENT İLHAM ƏLİYEV ÖZBƏKİSTANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL EDİB

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının xarici işlər naziri Baxtiyor Saidovu qəbul edib.

Baxtiyor Saidov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin əziz dostu və qardaşı Prezident İlham Əliyevə salamlarını çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Özbəkistan Prezidentinə çatdırmağı xahiş edib.

Baxtiyor Saidov Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrliyi və nazirlər görüşünün uğurla keçirilməsi münasibətilə təbriklərini ifadə edib. O, Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri çərçivəsində iki ölkə başçısının müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq fəaliyyətin davam etdirildiyini və qarşıya qoyulmuş bütün məqsədlərin diqqətdə saxlanıldığını vurğulayıb.

Prezident İlham Əliyev öz növbəsində Özbəkistana dövlət səfərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərdə Özbəkistan tərəfindən məktəb tikintisi layihəsinin xüsusi önəm daşıdığını bildirib, Prezident Şavkat Mirziyoyevin tezliklə Azərbaycana səfərinin gözlənildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycanın və Özbəkistanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq etdikləri diqqətə çatdırılıb, ikitərəfli gündəlikdə duran məsələlərə dair fikir mübadiləsi aparılıb.