
ABŞ dövlət katibi Entoni Blinken Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla yekun plenar iclasda iştirak edir.
Görüş Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində keçirilir.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sülh sazişi layihəsi üzrə danışıqlarının növbəti raundu iyunun 27-də başlayıb.
Danışıqların birinci günü ABŞ dövlət katibi Entoni Blinken Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində bağlı qapılar arxasında Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib.
Görüşlərdən sonra Blinken iki ölkənin xarici işlər naziri ilə birinci plenar iclasda iştirak edib. Daha sonra nazirlər danışıqları ikitərəfli formatda davam etdiriblər, danışıqlar fasilələrlə 4-5 saat davam edib.
Danışıqların ikinci günü ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanın iştirakı ilə üçtərəfli formatda görüş keçirilib.
Bundan sonra iki ölkənin XİN başçısının ikitərəfli görüşü keçirilib.
