
Cənab Nazir, sizi burda görməyimdən çox şadam. Azərbaycan və Macarıstan arasında sıx əlaqələr var. İki ölkə arasında enerji sahəsində müqavilə imzalanıb. 2022-ci ildə Macarıstan, Gürcüstan və Rumıniya ilə birlikdə enerji sahəsində layihə imzalandı. Enerji sahəsində imzalanmış bu layihələrin gələcəyi haqqında nə deyə bilərsiniz?
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu sualla qurumun yay sessiyası çərçivəsində çıxış edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartoya müraciət edib.
Macarıstan naziri enerji təhlükəsizliyi ilə bağlı suala görə Azərbaycan nümayəndə heyətinin rəhbərinə təşəkkür edərək deyib: “Dənizə çıxışı olmayan Macarıstanın təbii ehtiyatları, xüsusilə də təbii qaz və neft ehtiyatları yoxdur. Buna görə də ölkəmiz bu sahədə idxaldan, digər ölkələrin təchizatından asılıdır. Gündəlik həyatda Avropa İttifaqı və ABŞ-ın enerji təminatını şaxələndirmək istəyindən danışılır.
Bu sahədə bizim Azərbaycanla çox məhsuldar danışıqlarımız oldu və müqavilə imzalandı. Həmin müqaviləyə görə ildə 1 milyon kubmetrdən çox Azərbaycan təbii qazı Macarıstana ixrac olunacaq. Ancaq Cənub-Şərqi Avropada lazımi infrastruktur olmadığından bu müqavilə bu il reallaşacaq.
Enerji təchizatı ilə bağlı məsələnin siyasətlə, eləcə də ideologiya və ya siyasi mənsubluqla heç bir əlaqəsi yoxdur. Bu, fiziki reallıq məsələsidir. Təbii qaz təminatını Avropadakı infrastruktur təyin edir. Yeni qarışıq enerji mənbəyi olması üçün Cənub-Şərqi Avropada infrastrukturun təkmilləşdirilməsi məqsədilə Avropa İttifaqına müraciət etdik. Qurumdan bildirildi ki, qaz təchizatı infrastrukturuna dəstək vermək istəmir, çünki daha çox yenilənən enerjiyə prioritetdir. Qarşıdan gələn 25 il ərzində yenilənən enerjiyə keçiləcək. Ancaq bu illər ərzində nə olacaq? Ehtiyacları necə təmin etmək olar? Gündəlik enerji mənbələrinin şaxələndirilməsinin vacibliyindən danışılsa da, bu məqsədlə maliyyə ayrılmasını dəstəkləmirlər. Bu siyasi mənsubluq deyil, bu, fiziki ehtiyacdır.
Bu baxımdan düşünürəm ki, Avropa İttifaqı etibarını itirib. Ümid edirəm ki, rumın, bolqar, serb, türk, yunan və slovak dostlarımızla birlikdə milli enerji infrastrukturumuzu təkmilləşdirərək, yeni qarışıq enerji mənbəyini təmin edə biləcəyik. Bu il Macarıstana ilk Azərbaycan təbii qazı çatdırılacağına ümid edirik”, – deyə macar nazir Azərbaycanın enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğunu xatırladıb.

