Bu gün Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı Dünya Çempionatının bağlanış mərasimi keçirilib.
Tədbirdə gimnastik kompozisiya təqdim olunub. Bakıda aerobika gimnastikası üzrə dünya çempionatında iştirak edən ölkələrin batyraqlarının paradı keçirilib.
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) vitse-prezidenti Vasili Titov bağlanış mərasimində çıxış edib:
“Xanımlar və cənablar,
Əziz dostlar,
Vaxt tez ötür. Artıq bir həftədir ki, bu gözəl şəhərin – Bakının ecazkar Gimnastika Arenasında Aerobika Gimnastikası üzrə məşhur idmançıların həyəcanverici çıxışlarının şahidi oluruq. Bu Dünya Çempionatının bütün qaliblərini və mükafatçılarını ürəkdən təbrik edirəm!
Hər bir şey sona çatdığı kimi, yarışlar da bitir. Sabah biz hamımız öz evimizə qayıdacağıq. Lakin, əminəm ki, bütün iştirakçılar və qonaqlar uğurla keçirilmiş irimiqyaslı beynəlxalq idman tədbirinin təşkili baxımından yeni standartlar müəyyənləşdirən bu Çempionatla bağlı ən yaxşı xatirələri yaddaşlarında saxlayacaqlar. Yerli Təşkilat Komitəsi, Beynəlxalq Gimnastika Federasiyasının Aerobika Gimnastikası üzrə Texniki Komitəsi və Çempionatın bütün işçi heyətinin möhtəşəm səyləri olmadan bunların heç biri mümkün olmazdı. Hamınız burada çox böyük iş görmüsünüz. Çox təşəkkür edirəm.
Bundan əlavə, Beynəlxalq Gimnastika Federasiyası adından bu təhlükəsiz və uğurlu çempionatın təşkilində göstərdiyi böyük dəstəyə görə Azərbaycan Dövlətinə öz minnətdarlığımı bildirirəm. Səxavətli qonaqpərvərliyiniz üçün çox sağ olun.
İndi isə Bakıda keçirilən 2021-ci ilin Aerobika Gimnastikası üzrə Dünya Çempionatını rəsmi olaraq bağlı elan edirəm”.
Qeyd edək ki, Dünya Çempionatı 27-29 may tarixlərində Bakıdakı Milli Gimnastika Arenasında keçirilib, yarışlarda 22 ölkədən 166 idmançı iştirak edib.