Azərbaycanda əhali sayının təhlili
Dövlət Statistika Komitəsinin rəsmi saytında yer alan məlumatlara görə, 2020-ci il istisna olmaqla, son 5 ildə ölkə əhalisinin sayında artım qeydə alınıb. 2020-ci ildə dünyada elan olunan pandemiya dövründə ölüm faktının çoxalması nəticəsində Azərbaycanda əhalinin sayı 0,8% azalıb.
Son 5 ildə ölkə əhalisinin sayında ən yüksək artım 2021-ci ildə qeydə alınıb. Sözügedən dövrdə əhalinin sayı 0,52 % artaraq 10 milyonu ötüb.
1 yanvar 2023-cü il tarixinə olan statistikaya əsasən Azərbaycanda əhalinin sayı 10 127 100 nəfər təşkil edib ki, bu da 2021-ci il ilə müqayisədə 0,63% çoxdur.

Azərbaycanda əhalinin cins bölgüsünə baxsaq, son 5 ildə qadınların sayının az da olsa üstünlük təşkil etdiyini görərik. 1 yanvar 2023-cü il tarixinə olan rəqəmlərə görə, ölkəmizdə 5 087 500 (50,24%) qadın və 5 039 900 (49,76%) kişi var.
Aparılan təhlil zamanı məlum olub ki, 1 yanvar 2023-cü il tarixində ölkəmizdə kişi və qadınların sayındakı faiz bölgüsü 2022-ci il ilə eyni olub. Bu da o deməkdir ki, il ərzində qadın və kişilərin ümumi sayında artım qeydə alınsa da, balans pozulmayıb.

Azərbaycanda əhalinin yaş qruplarına görə bölgüsünə diqqət etsək görərik ki, ölkə əhalisinin çox hissəsini – 9,19%-ni 30-34 yaşlı şəxslər təşkil edir. Ümumi əhalinin 8,63%-i 35-39 yaşlı şəxslər, 8,33 faizi 10-14 yaşlı uşaqlardır ki, onlar da müvafiq olaraq ikinci və üçüncü pillədə yer alırlar.
Ölkə əhalisinin 4,57 %-ni yaşı 70-dən çox olanlar, 3,92 %-ni isə 65-69 yaşlı şəxslər təşkil edir.

Cənubi Qafqaz ölkələrində əhali sayının müqayisəsi
Hər üç ölkənin Dövlət Statistika komitələrinin açıqladığı məlumatlara görə, 1 yanvar 2023-cü il tarixində Azərbaycanda əhalinin ümumi sayı digər ölkələrlə müqayisədə çox olsa da, illik artım Gürcüstanla müqayisədə aşağı olub. Belə ki, Gürcüstanda son ildə əhalinin sayı 1,3% artaraq 3 736 400 nəfər təşkil edib.
İl ərzində əhali artımına görə Azərbaycan 0,63 %-lə ikinci, Ermənistan isə 0,34 %-lə son sırada yer alıb. 1 yanvar 2023-ci il tarixində Ermənistanda əhalinin sayı 2 979 200 nəfər olub.

Azərbaycan əhalisinin sayı ilə yanaşı, ölkə üzrə bir kvadrat kilometrə düşən əhalinin sayına görə də Cənubi Qafqazda ilk pillədə yer alır. 1 yanvar 2023-cü il tarixinə olan statistik məlumatlara görə, Azərbaycanda bir kvadrat kilometrə düşən əhalinin sayı 116,94 nəfər olub. Ermənistan ümumi əhali sayına görə Gürcüstandan geri qalsa da, əhalinin sıxlığına görə Gürcüstandan iki dəfə öndədir. Buna səbəb isə Ermənistan ərazisinin Gürcüstandan bir neçə dəfə az olmasıdır. Belə ki, qeyd olunan dövrə aid statistik məlumatlara görə, Ermənistanda bir kvadrat kilometrə düşən əhalinin sayı 100,16 nəfər, Gürcüstanda isə 53,61 nəfər olub.
