
Bədii gimnastika üzrə 39-cu Avropa çempionatında Azərbaycanın gənclərdən ibarət komandası qrup hərəkətlərində çoxnövçülük üzrə 58.450 balla üçüncü yer tutub.
Beş iplə çıxışa görə komanda hakimlərdən 29.450 bal alıb, beş topla proqramı isə hakimlər 29.000 balla qiymətləndiriblər.
Komandanın tərkibinə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərova daxildir.
Çoxnövçülük üzrə birinci yeri İsrailin gənclərdən ibarət komandası (61.600 bal), ikinci yeri isə Bolqarıstan komandası (59.250 bal) tutub.
Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Yarışlarda gimnastlar fərdi (böyüklər) və qrup hərəkətləri proqramında (gənclər və böyüklər) çıxış edəcəklər.
Avropa çempionatının ilk günü gənclərdən ibarət komandalar qrup hərəkətlərində beş iplə və beş topla proqramda çıxış edirlər.
Yarışlar “Shine like a star” (Ulduz kimi parla) şüarı altında keçirilir. Bədii gimnastika ulduzlarının iştirak etdiyi qitə çempionatında bütünlükdə 38 ölkədən 315 gimnast (191 böyük, 124 gənc) çıxış edəcək.
Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası və Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası təmsil edəcəklər.