SON 30 İLDƏ İLK DƏFƏ ŞUŞADA YAMAC PARAŞÜTÜNDƏN UÇUŞ HƏYATA KEÇİRİLİB

2022-ci il “Şuşa İli” çərçivəsində Şuşa şəhərində son 30 ildə ilk dəfə yamaç paraşütündən (paraplan) uçuş həyata keçirilib.

Bu barədə videonu Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasov öz tvitter hesabında paylaşıb (https://bit.ly/3j7qNJR). Uçuş şəhərin ən yüksək nöqtələrindən biri sayılan Qızıl Qaya massivindən (Teleqüllə ərazisi) 1400 metr hündürlükdən yerinə yetirilib.

Professional yamac paraşütü pilotu olan Fərid Məmmədov tərəfindən reallaşdırılan uçuş zamanı Şuşa səmasını qələbə rəmzimiz olan Azərbaycan bayrağı bəzəyib. Xatırladaq ki, dünya paroplan xəritəsində yamac paraşütü üçün Qarabağda yeganə uçuş məkanı Şuşa şəhəri göstərilib.

Uçuş gələcəkdə ekoturizm məkanına çevrilməsi nəzərdə tutulan Daşaltı kəndi istiqamətində baş tutub.