“QARABAĞIN VƏ ŞƏRQİ ZƏNGƏZURUN ALBAN ABİDƏLƏRİ” KİTABI NƏŞR EDİLİB

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” kitabı hazırlanaraq çap edilib.

BBMM-dən bildirilib ki, kitabın yazılması Azərbaycan tarixi və onun ən zəngin mərhələlərindən birini təşkil edən alban xristian irsi, bu irsin ən zəngin nümunələrini yaşadan Qarabağ və Şərqi Zəngəzurun alban abidələrinin tarixi keçmişi və bugünkü vəziyyəti, onların falsifikasiya edilməsi faktlarının geniş̧ oxucu auditoriyasına çatdırılması, bölgənin bütün alban abidələrinin ümumi tarixi arayış verilməklə bir nəşrdə toplanması zərurətindən irəli gəlib. Kitabda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazilərində keçən əsrin son illərinə qədər aşkar edilərək bir qismində elmi-tədqiqat işləri aparılan yüzdən çox alban memarlıq abidəsi haqqında tarixi arayış verilib. Eyni zamanda, bölgənin alban abidələri ilə bağlı tarixi-etnoqrafik, arxeoloji, memarlıq materialları toplanaraq ümumiləşdirilib. Lakin qeyd etmək lazımdır ki, bu, bölgənin alban abidələrinin tam təsnifatı deyil.

Kitabın layihə müəllifi Bakı Beynəlxalq Multikulturlizm Mərkəzinin Himayəçilər Şurasının sədri, akademik Kamal Abdullayev, müəllifi tarix elmləri doktoru, professor Məhəbbət Paşayeva, elmi redaktorları tarix elmləri doktoru, professor Teymur Bünyadov, tarix elmləri doktoru, professor Kərim Şükürov, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənov, redaktor Tahir Kazımlıdır.