IX QLOBAL BAKI FORUMUNUN VİDEOHESABATI TƏQDİM EDİLİB

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən IX Qlobal Bakı Forumunun videohesabatını təqdim edib.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Hesabatda xatırladılır ki, “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu 53 ölkədən 400-dən çox qonağı bir araya gətirib.
Forumun açılışında Prezident İlham Əliyev, Mərkəzin həmsədrləri xanım Vayra Vike-Freyberqa və İsmail Serageldin, Albaniya Respublikasının Prezidenti, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri, Gürcüstan Prezidenti, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, BMT-nın Cenevrə ofisinin Baş direktoru, Ərəb Liqasının Baş katibi, Türkiyə Prezidenti adından sabiq Baş nazir və Mərkəzin üzvü Binəli Yıldırım çıxış ediblər.
Eyni zamanda, İtaliya Prezidenti, Böyük Britaniyanın Baş naziri, Latviya Prezidenti, Şimali Makedoniya Prezidenti, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, ABŞ-ın Romadakı BMT Agentlikləri yanında daimi nümayəndəsi və digərləri forumun işinə onlayn qoşulublar.
Qeyd edək ki, IX Qlobal Bakı Forumu zamanı 11 paneldə 30 saat davam edən müzakirələrə 24 sabiq prezident, 13 sabiq Baş nazir və 18 sabiq Baş nazirin müavini, həmçinin xarici işlər nazirləri qatılıblar.