EKSPERT: “HƏRBÇİLƏR SMARTFON QADAĞASINA RİAYƏT ETMƏLİDİRLƏR”

Bildiyimiz kimi avqustun 23-də saat 05:45 radələrində Ermənistan silahlı qüvvələrinin diversiya-kəşfiyyat qrupu cəbhənin Goranboy rayonu istiqamətində təxribat törətməyə cəhd göstərmişdi. Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər öz nəticəsini vermiş, diversiya qrupunun komandiri Qurgen Alaverdiyan əsir götürülmüşdü.  Lakin ən narahatedici məqam ön xəttə baş vermiş dövlət əhəmiyyətli hadisə barədə görüntülərən qısa zamanda sosial şəbəkələrdə yayılmağa başlaması oldu. Əlbəttə hər bir azərbaycanlı, sözügedən kadrları görəndə və erməni təxribatının uğursuzluqla nəticələndiyini biləndə qürurlanmışdı. Lakin əksəriyyət bu mühüm məlumatın bu formada paylaşılmasının dövlət təhlükəsizliyi və məxfilik prinsiplərinə zidd olduğunu unutmuşdu. Müdafiə Nazirliyi mövzu ilə bağlı birmənalı mövqe sərgiləyərək bəzi hərbi qulluqçuların Azərbaycan ordusunda smartfon tipli telefonlardan istifadənin qadağan olunması barədə müvafiq əmrin tələblərini kobud şəkildə pozulduğu və həmin hərbçilərin xidmətdən azad olunduğunu açıqlaqdı.  Bəs görəsən bu cür halların baş verməməsi üçün nə etməliyik?

Məsələ ilə bağlı  MTM-ə fikirlərini bildirən ASQ-nin ehtiyatda olan polkovniki, hərbi məsələlər üzrə ekspert Şair Ramaldanov bildirib ki, orduda, cəbhədə baş verənlər, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılan məlumatlar mütləq şəkildə Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı rəsmi xəbərlərə əsaslanmalıdır:  “Bəzən saytlarda bu mövzularla bağlı yersiz və əsassız fikirlər görmək olar. Lakin obyektiv olmaq lazımdır. Erməni diversantla bağlı məsələdə də ordudan düşmən kəşfiyyatçısını zərərsizləşdirənlər deyil, məhz görüntüləri smartfonla qeydə alıb sosial şəbəkələrdə paylaşanlar təxris olunub”.

Ekspert qeyd edib ki, bu məsələlərə  birləşmə komandirləri nəzarət edir: “ Belə hal qeyd edildikdə,  həmin hərbçinin ordudan uzaqlaşdırılması qərarını Baş Qərargah rəisi deyil, məhz birləşmə komandirləri verir. Çünki, görüntülər məxfi məlumatdır. Onları sosial şəbəkələrdə yaymaqla düşmən tərəfindən əldə edilməsi və həmin  ərazinin müəyyənləşdirilməsinə şərait yarada bilər”.

 Ş. Ramaldanov vurğulayıb ki, son baş verənlər ilk hal deyil: “Təəssüf ki, sözügedən qadağanın tələblərini pozanlar olur. Hərbi hissələrdə bütün hərbçilər və orada çalışanlar qadağa ilə yazılı formada tanış olub, imza atmasına baxmayaraq, belə halların baş verəməsi təəssüfedicidir. Bu cür məsələrə düzgün yanaşmalıyıq”. 

Müəllif: Səbahəddin Qurbanov