ÇİN XALQ RESPUBLİKASININ SƏDRİ PREZİDENT İLHAM ƏLİYEVƏ TƏBRİK MƏKTUBU GÖNDƏRİB

Çin Xalq Respublikasının Sədri Si Cinpin Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Çin Xalq Respublikasının Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı Sizə və Sizin simanızda dost Azərbaycan xalqına çatdırmaqdan şərəf duyuram.

Çin ilə Azərbaycan dostluğun və əməkdaşlığın ənənəvi tərəfdaşlarıdırlar. Çin-Azərbaycan münasibətləri 30 il ərzində inkişafın sağlam və sabit dinamikasını saxlayır, siyasi qarşılıqlı etimad davamlı surətdə dərinləşir və bütün sahələrdə əməkdaşlıq fəal şəkildə irəliləyir, hər iki ölkə regional və beynəlxalq səviyyələrdə sıx qarşılıqlı fəaliyyət göstərir. COVID-19 pandemiyasının yaranmasından sonra Çin və Azərbaycan bir-birinə kömək edir və bir-birini dəstəkləyir, çətinliklərin öhdəsindən gəlmək üçün səylərini birləşdirir ki, bu da bizim xalqlar arasında ənənəvi dostluğu nümayiş etdirir.

Mən ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm və Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə bildirirəm ki, Çin-Azərbaycan münasibətlərində, ölkələrimizin və xalqlarımızın rifahı naminə müxtəlif sahələrdə əməkdaşlıqda yeni uğurlara nail olmaq üçün Sizinlə birlikdə səy göstərməyə hazıram.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycana firavanlıq, tərəqqi, onun xalqına xoşbəxtlik və əmin-amanlıq arzu edirəm”.