BEYNƏLXALQ TƏHSİL GÜNÜ: İNSANLARA SƏRMAYƏ QOYMAQ, TƏHSİLƏ ÜSTÜNLÜK VERMƏK

Təhsil insan hüququ, ictimai sərvət və ictimai məsuliyyətdir. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası təhsilin sülh və inkişaf üçün rolunu qeyd etmək məqsədilə yanvarın 24-nü Beynəlxalq Təhsil Günü elan edib.

Bu il Beynəlxalq Təhsil Günü “İnsanlara sərmayə qoymaq, təhsilə üstünlük vermək” mövzusuna həsr olunub. 2022-ci ilin sentyabrında BMT-nin Təhsili Dəyişdirən Sammitinin yaratdığı qlobal sürətə əsaslanaraq, builki gün təhsil ətrafında güclü siyasi səfərbərliyi davam etdirməyə çağıracaq, öhdəliklərin və qlobal təşəbbüslərin fəaliyyətə çevrilməsinin yollarını müəyyənləşdirəcək. Qlobal tənəzzül, artan bərabərsizliklər və iqlim böhranı fonunda bütün dayanıqlı inkişaf məqsədlərinə doğru irəliləyişi sürətləndirmək üçün təhsilə üstünlük verilməlidir.

UNESCO-nun Baş direktoru Odri Azule bu il Beynəlxalq Təhsil Gününü əfqan qız və qadınlarına həsr etmək qərarına gəlib. Bu gün münasibətilə UNESCO BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Baş katibi, BMT Baş Assambleyasının sədri və Baş direktorunun iştirakı ilə tədbir keçirəcək. Əfqanıstanda təhsil hüququndan məhrum edilmiş qız və qadınların təhsilə çıxışını məhdudlaşdıran qadağanın dərhal aradan qaldırılmasına çağırmaq məqsədilə birinci panel müzakirəsi bu mövzu ilə bağlı olacaq.

Qadınların təhsildən geri saxlanılması ilə bağlı problem bir çox ölkələrdə müşahidə olunmaqdadır. Təhsil ümumbəşəri insan hüququdur və ona hörmət edilməlidir. Dünyanın heç bir ölkəsi qadınların və qızların təhsilinə mane olmamalıdır. Hazırda 80 faiz (2,5 milyon) əfqan qız məktəbdən kənarda qalıb.

Təhsil uşaqlara yoxsulluqdan çıxaracaq nərdivan və perspektivli gələcəyə aparan yol təklif edir. UNESCO-nun hesabatına görə, dünyada təxminən 244 milyon uşaq və yeniyetmə məktəbə getmir. 617 milyon uşaq və yeniyetmə əsas riyazi biliklərdən məlumatsızdır, 771 milyon yaşlı isə savadsızdır. Afrikada qızların 40 faizindən az hissəsi orta məktəbi bitirə bilir. Dörd milyona yaxın qaçqın düşən uşaq və gənc məktəb həyatından mərhumdur.

Təhsil hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 26-cı maddəsində yer alır. Bəyannamədə pulsuz və icbari ibtidai təhsil tələb olunur. 1989-cu ildə qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası daha da irəli gedir ki, ölkələr ali təhsili hamı üçün əlçatan etsin.

Qeyd edək ki, Azərbaycanda təhsilə dövlət qayğısı ildən-ilə artır. Bu qayğının nəticəsidir ki, indi ölkəmizdə savadlılıq yüz faiz təmin olunub. Hazırda Azərbaycanda təhsil sistemində beynəlxalq standartlara uyğun fundamental islahatlar aparılır, təhsilin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir. Təhsilimizin milli, ümumbəşəri dəyərlər, demokratik, dünyəvi prinsiplər əsasında inkişafına geniş imkanlar yaradılıb.

Azərbaycanda həyata keçirilən təhsil islahatları ölkəmizdə demokratik proseslərin inkişafına xüsusi önəm göstərilməsindən, elmin, təhsilin dəyərlərinin dünya səviyyəsinə qaldırılması istiqamətində görülən işlərin uğurlu nəticəsindən xəbər verir. Heydər Əliyev Fondunun təhsillə bağlı həyata keçirdiyi irimiqyaslı layihələr və nəzərdə tutulan proqramların zaman-zaman reallaşması böyük müəllimlər ordusu olan Azərbaycanı qloballaşan dünyanın dəyərlərinə təhsil və elm sayəsində qovuşduracaq. Təhsilə göstərilən yüksək diqqət və qayğı müstəqil dövlətimizin xoşbəxt gələcəyinə böyük zəmin yaratmaqla Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevirəcək.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.