AZƏRBAYCAN PREZİDENTİNİN BRÜSSEL SƏFƏRİ İRAN MƏTBUATINDA

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri zamanı Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünü İran mətbuatı diqqətdə saxlayıb.
İranın “Fars news”, “Tasnim news”, “Aftab news”, “İlna news”, “Farda news”, “Mehr news”, “Euro news” saytının fars dilindəki bölməsi və başqa mətbuat orqanları Prezident İlham Əliyevin Aİ Şurasının sədri Ş.Mişel və Ermənistanın Baş naziri N.Paşinyanla apardığı danışıqlara geniş yer veriblər.
Materiallarda nəzərə çatdırılıb ki, görüşlərda qarşılıqlı etimadın qurulması, işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, sülh sazişinin hazırlanması prosesinin başlanması, münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının göstərilməsi məsələləri müzakirə olunub.
Xüsusilə qeyd olunub ki, Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpa olunması məsələsinin müzakirəsi region ölkələri üçün də böyük əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, danışıqlar zamanı Aİ rəsmisi tərəflərə sülh yaratmaq prosesində dəstək olacağını bildirib.