AZƏRBAYCAN-ÇEXİYA DİPLOMATİK MÜNASİBƏTLƏRİN 30-CU İLDÖNÜMÜ QEYD OLUNUB

Yanvarın 26-da Azərbaycanın Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan Respublikası və Çex Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.

Nazirlikdən bildirilib ki, tədbirdə XİN-in rəhbər heyəti, Çexiyanın ölkəmizdəki səfiri və səfirliyinin əməkdaşları, Milli Məclisin deputatları, Bakı Dövlət Universitetinin və Azərbaycan Slavyan Universitetinin rektorları və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev 30 il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını vurğulayıb. Nazir müavini, yubiley münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktublarının mübadiləsini məmnunluqla qeyd edib.

Münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirən nazir müavini iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm-təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışıb.

İkitərəfli əməkdaşlıqla yanaşı, ölkələrimiz arasında çoxtərəfli platformalarda da səmərəli əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıran Fariz Rzayev, Azərbaycanla Çexiya arasında yüksələn xətt üzrə inkişaf edən iqtisadi əlaqələrin olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlacek 30-cu ildönümü qeyd olunan Azərbaycan-Çexiya ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib.

Növbəti ay Praqada Azərbaycan-Çexiya hökumətlərarası komissiyasının iclasının keçiriləcəyini xatırladan Çex diplomat Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını bildirib. Azərbaycanın Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbirsizliklə gözlədikləri vurğulanıb.

Azərbaycanla Çexiya arasında tarixi nöqteyi-nəzərdən ortaq cəhətlərin çox olduğunu qeyd edən diplomat, xalqlarımız arasında dostluğun möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Tədbirin sonunda iştirakçılar Azərbaycan və Çex Respublikası arasında diplomatik münasibətlərin 30 illiyinə həsr edilmiş sərgi ilə tanış olublar.