ABŞERON ÇİMƏRLİKLƏRİNDƏ ARABİR GÜCLƏNƏN ŞİMAL-QƏRB KÜLƏYİ İLƏ ƏLAQƏDAR ƏHALİNİN EHTİYATLI OLMASI TÖVSİYƏ EDİLİR

Azərbaycanda iyulun 28-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25°, gündüz 30-33° isti, Bakıda gecə 22-24°, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 758 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə edilir. Dəniz suyunun temperaturu şimal çimərliklərində – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, cənub çimərliklərində – Türkan, Hövsan, Sahil, Şıxda 23-24° isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacağı bildirilir.