ƏRƏB KİV-İ PREZİDENT İLHAM ƏLİYEVİN ŞARL MİŞEL VƏ NİKOL PAŞİNYANLA GÖRÜŞÜ BARƏDƏ XƏBƏRLƏR YAYIMLAYIB

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə işgüzar səfəri zamanı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü ərəb mətbuatının diqqət mərkəzində olub.

“Əl Əhram”, “Ən Nahar”, “Əl Naşra”, “Youm7” və digər qəzet və portallarda yayımlanan xəbərlərdə Şarl Mişelin Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında etimadın qurulması tədbirlərinə və humanitar məqsədli minatəmizləmə səylərinə, o cümlədən ekspert məsləhətini təmin etməyə davam etməklə münaqişədən əziyyət çəkən əhaliyə maliyyə yardımının artırılması, bərpa və yenidənqurma işlərinə dəstək olacağı fikirləri yer alıb. Materiallarda qeyd olunub ki, bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq əldə olunub.

Ərəb KİV-i diqqətə çatdırıb ki, liderlər Ermənistanla Azərbaycan arasında və daha geniş mənada Cənubi Qafqazda kommunikasiya/bağlılıq infrastrukturunun bərpasını da müzakirə ediblər. Şarl Mişel dəmir yollarının bərpası istiqamətində atılmış addımları alqışlayıb, həmçinin Ermənistanı və Azərbaycanı yol əlaqələrinin bərpası üçün effektiv üsullar tapmağa dəvət edib. O bildirib ki, Avropa İttifaqı bağlılıq əlaqələrinin inkişafını dəstəkləməyə, o cümlədən İqtisadi və İnvestisiya Planına uyğun olaraq ümumi layihələri müəyyənləşdirmək üçün təklif olunmuş iqtisadi məşvərət forumundan da istifadə etməyə hazırdır.