
Bakı Gənclər Mərkəzində “EMEDIA GROUP” Media Təşkilatının təşkilatçılığı ilə “Əkinçi” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.
Milli mətbuatımızın 147-ci ildönümü münasibətilə keçirilən tədbirdə Milli Məclisin deputatları, televiziya kanallarının rəhbərləri, o cümlədən müxtəlif qurumların mətbuat katibləri, media nümayəndələri, Vətən müharibəsi iştirakçıları və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sonra “Əkinçi” qəzetinin tarixindən bəhs edən səhnəcik nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev mükafatın adının “Əkinçi” olmasının heç də təsadüfi olmadığını, Azərbaycan mətbuatının əsasının “Əkinçi” qəzetinin ilk nömrəsinin işıq üzü görməsi ilə qoyulduğunu diqqətə çatdırıb. Bildirilib ki, cəmi 56 sayı işıq üzü görən “Əkinçi” qəzeti çox tez bağlansa da, xalqımızın mədəniyyət salnaməsində böyük iz qoyub və onun milli mətbuatımızın tarixində açdığı cığır çox uğurlu olub. Öz dövrü üçün cəsarət nümunəsi sayılan “Əkinçi”nin ideyalarına yaxın qəzet və jurnalların çap olunmasına başlanılıb.
Son 30 ildə mətbuatın qarşısında duran ən əsas vəzifənin erməni təcavüzünün, xalqımızın başına gətirilən faciələrin, haqq səsimizin dünyaya çatdırılması ilə əlaqədar olduğunu vurğulayan təşkilat sədri, bu yolda da qurbanlar verildiyini təəssüflə qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatları Aydın Mirzəzadə, Jalə Əhmədova, Elman Nəsirov, Musa Qasımlı, Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov uzun və keşməkeşli yol keçən Azərbaycan mətbuatının ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə özünün yeni inkişaf mərhələsinə qədəm qoyduğu, Ulu Öndərin mətbuata xüsusi diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, qırx dörd günlük Vətən müharibəsində və postmüharibə dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti böyük oldu. Qeyd olunub ki, Vətən müharibəsi dövründə Ali Baş Komandan, Prezident İlham Əliyevin müxtəlif istiqamətlərdə, xüsusilə informasiya cəbhəsində apardığı mübarizə jurnalistlər üçün örnəkdir. Ölkə başçısının müxtəlif nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə həqiqətləri faktlarla çatdırması, qərəzli sualları ustalıqla, sübutlarla cavablandırması həmin cəbhədə də üstünlük qazanmağımızda müstəsna rol oynadı.
Tədbirin ən maraqlı məqamı isə mükafatların öz sahiblərinə təqdim olunması ilə başlayıb. Öz sahəsində fəaliyyəti ilə seçilənlərə, mətbuat xidmətlərinin, televiziya kanallarının rəhbərləri və media nümayəndələrinə “Əkinçi” milli mükafatı, həmçinin Vətən müharibəsində şücaəti ilə fərqlənən bir neçə qaziyə “Dəmir Yumruq” mükafatı təqdim olunub. “EMEDIA GROUP” Media Təşkilatının sədri Elşən Əliyev isə Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı tərəfindən qızıl medalla təltif olunub.
Mükafatlandırma mərasimi bədii hissə ilə davam edib, incəsənət xadimlərinin repertuarında müxtəlif musiqi nömrələri səsləndirilib.