MAESTRO NİYAZİNİN ANADAN OLMASINDAN 109 İL ÖTÜR

20 avqust dünya şöhrətli dirijor, bəstəkar, ictimai xadim, Xalq artisti, Niyazi Tağızadə-Hacıbəyovun anadan olmasından 109 il ötür. İllər keçsə, zaman dəyişsə də, Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.
O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib.
Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülmüş, bir çox orden və medallarla təltif olunub. Bu gün Niyazinin adı dünya şöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək.