MEDİANIN KRİMİNAL MÖVZULARA YANAŞMA ÜSULLARI

İstər sosial şəbəkələrdə, istərsə də xəbər saytlarında kriminal hadisələrin dolayı təbliği meyilləri ilə tez-tez rastlaşırıq. Xüsusilə də kriminal aləmin nümayəndələrinin “həyat yolu”ndan, eləcə də hüquqazidd əməllərindən bəhs edən yazılar cəmiyyətdə haqlı olaraq narahatlıq yaradır. Qan, zorakılıq, ölüm səhnələri təşviş və ikrah hissi doğurmaqla yanaşı, yaşından, cinsindən asılı olmayaraq bir çoxlarının psixologiyasına da mənfi təsir göstərir. Bu cür görüntülərin auditoriya nəzər alınmadan yayılmasını etik qaydaların pozulması ilə yanaşı, həm də qeyri-peşəkarlıq və sensasiya axtarışı kimi dəyərləndirmək olar.

Nəzərə almaq lazımdır ki, kriminal xəbərlərin müntəzəm qaydada yayılması və çoxalması, istər-istəməz, şüuraltına təsir edərək, cinayətləri insanlar üçün adiləşdirir. Bu cür xəbərlərin ziyanlı tərəflərindən biri də düşüncə, təşəkkür və dünyagörüşü baxımdan hələ kamilləşməyən yeniyetmə və gənclərin bu xoşagəlməz təbliğatın təsiri ilə kriminal xəbərlərə aludə olmasıdır.

Kriminal hadisələr həyatımızın danılmaz faktı olsa da, media neqativ xəbərlərin təbliğatçısı kimi diqqət mərkəzində olmaqdan çəkinməlidir.

Qeyd olunanlar fonunda kriminal mövzuda xəbər və yazıların hazırlanması zamanı aşağıdakı məqamların nəzərə alınması məqəsəduyğun olardı:  

  • KİV-lərdə kriminal avtoritetlər barədə xəbərlərə mümkün qədər az yer ayrılmalı, sensasiya və “İP” naminə onların müsbət obrazda təqdimatına yol verilməməlidir;
  • Məişət xarakterli neqativ xəbərlər ictimaiyyətə “şişirdilmiş” formada təqdim olunmamalıdır; 
  • Kriminal hadisələrə və ya kriminal aləmdə tanınan şəxslər barədə xəbərlərə az yer verilməlidir;
  • Kriminal aləmin təmsilçilərinin şəxsi həyatının, düşüncə tərzinin və hüquqazidd  davranışlarının dolayı təbliği halları aradan qaldırılmalıdır;
  • Müxtəlif cinayətlərə görə məhkum edilmiş şəxslərin məhkumluğu, onların cinayətkar qruplarda iştirakı barədə xəbərlərdə geniş təfərüatlara toxunulmamalıdır;
  • İstintaq orqanlarının rəsmi açıqlaması olmadan kriminal hadisələrlə bağlı fərziyə və ehtimallar yayımlanmamalıdır;
  • Kriminal hadisələrlə bağlı xəbərlərdə diqqətçəkici sərlövhələrdən istifadə edilməməli, oxucu və ya izləyicinin informasiyadan psixoloji sarsıntı keçirməsinə şərait yaradılmamalıdır;
  • Kriminal xəbərlərdə zərərçəkmiş şəxslərin ad və soyadının, eləcə də qətlə yetirilmiş, yaxud bədbəxt hadisə nəticəsində həyatını itirmiş insanların foto və videosunun yayılmasının jurnalistlərin peşə davranışı qaydalarına zidd olması, insanlarda ciddi psixoloji-ruhi gərginlik yaratması nəzərə alınmalıdır;
  • Mediada kriminal hadisələrin geniş yer verilməsinin ictimai şüurda alışqanlıq yaratması, aqressiv davranışlara səbəb olması nəzərə alınmalı, KİV-lər bu tipli xəbərlərə müəyyən limit və məhdudiyyətlər tətbiq etməlidir.   
  • Media orqanları bilməlidirlər ki, hər hansı bir şəxsin digərinə qarşı kriminal xarakterli əməl törətməsi barədə xəbər oxucunun həyatında müsbətə doğru heç bir dəyişikliyə səbəb olmur. Lakin onun neqativ əhvala köklənməsinə birbaşa təsir göstərir. Mövzu kriminal xarakterli xəbərlər olsalar belə, media orqanları oxucusunu düşündürməyə, düzgün nəticələrə gəlməyə təşviq etməlidir.
Nailə Məhərrəmova

Məhərrəmova Nailə İbrahim qızı 1987-ci ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı şəhəri Suraxanı rayonu 114 saylı tam orta məktəbi bitirib. 2004-2009-cu illərdə Azərbaycan Beynəlxaq Universitetinin jurnalistika fakültəsinə təhsil alıb. 2007-ci ildən “Səs” qəzeti ilə əməkdaşlıq edib. Ali təhsilini bitirdikdən sonra 2009-2020-ci illərdə “Səs” İnformasiya Agentliyində (SİA) müxbir vəzifəsində çalışıb. Mərkəzi Seçki Komissiyası tərəfindən 2015-ci il Milli Məclisə seçkilər, 2018-ci il Azərbaycan Respublikasının Prezidentinin seçkiləri, 2020-ci il Milli Məclisə seçkilərlə bağlı yaradılmış Müstəqil Media Mərkəzində fəaliyyət göstərib. 2019-cu ildə "Dövlət Təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-1921)" yubiley medalı ilə təltif olunub. 2020-ci ilin may ayından Media Təhlil Mərkəzində çalışır.