JURNALİSTLƏRİN EKSPERT ÇATIŞMAZLIĞI PROBLEMİNİN MÜMKÜN HƏLLİ YOLLARI

Azərbaycan mediası üçün əslində hər zaman xüsusi aktuallıq kəsb etmiş peşəkar ekspert azlığı problemi son dövrlər özünü qabarıq göstərir. Müşahidələr göstərir ki, cəmiyyət və dövlət üçün prioritet əhəmiyyət daşıyan, ictimai həyatın bütün sahələrini əhatə edən aktual hadisə və prosesləri KİV-lərə şərh edə biləcək peşəkarların sayca azlığı, bəzi hallarda əlçatan olmamaları KİV-lərin fəaliyyətində ciddi çətinliklər yaradır. 

Problemin nəticəsi kimi dövlət səviyyəsində qəbul olunan strateji əhəmiyyətli qərarların, habelə digər aktual hadisələrin, sosial-iqtisadi islahatların, beynəlxalq miqyaslı hadisələrin ictimai rəyə düzgün şərhində əksər hallarda diletant, qeyri-adekvat yanaşma və yubanmalara rast gəlinir. Bəzi hallarda müəyyən hadisə və proseslərin, habelə qərarların media üçün qeyri-peşəkar və ya konyunktur maraqlar prizmasından şərhi, ictimai rəyin düzgün formalaşmasına, dövlət informasiya siyasətinin səmərəliliyinə mane olur.

Jurnalistlərin müxtəlif məsələlərlə bağlı hər gün eyni ekspertlərə müraciət etmələri mövzuların fərqli prizmadan təhlilinə mane olmaqla, informasiya resurslarında oxşar və şablon mənzərə yaradır. Eyni ekspertlərin tez-tez efir məkanında və saytlarda görünməsi auditoriyada qıcıq doğurmaqla, insanların cəmiyyətdə baş verən ciddi hadisələrlə bağlı təhlillərə marağını azaldır.

Bu gün müxtəlif dövlət strukturlarında, özəl qurumlarda işinin peşəkarı olan, bacarıqlı, innovasiyalara meyilli, müasir prosesləri dərindən təhlil edərək məntiqli nəticələr çıxaran mütəxəssislər çalışsalar da, onların KİV-lərə çıxışı çox nadir hallarda təmin edilir. Nəticədə jurnalistlər cəmiyyət üçün aktuallıq daşıyan məsələlərin şərhi ilə bağlı hansı ekspertlərə müraciət edəcəklərini düzgün müəyyənləşdirə bilmir, iqtisadi, siyasi, hərbi və s. məsələlərlə bağlı eyni şəxslərə müraciət edirlər. Bu ölkə KİV-lərinin ciddi analitik təfəkkürə, analiz qabiliyyətinə malik ekspert tapmaqda ciddi problem yaşadığını bir daha təsdiqləyir. Bir sıra mühüm sahələrdə (fövqəladə hallar, vergi, din, təhsil) ekspert qıtlığı daha qabarıq görünür. 

Bəzi sahələr üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatları, ictimai birliklərin olmasına baxmayaraq, onların ekspertlərinin imkanlarından zəif istifadə olunur. Bir sıra xarici dövlətlərdən fərqli olaraq, Azərbaycanda medianın imkanlarının məhdudluğu ekspertlərin xidmət müqabilində qonorar ödənişinə imkan vermir. Başqa sözlə, mövcud reallıqda ekspertlərin öz menecment və marketinqini qurmaları mümkün deyil. Vaxt azlığı gün ərzində xeyli sayda jurnalistə açıqlama verməyə imkan vermir, ona görə də eskpertər mətbuatdan “qaçırlar”. 

Tanınmış analitik və ekspertlər aktual məsələlərlə bağlı mövqelərini sosial şəbəkələrdəki səhifələrində yazılı şəkildə yerləşdirirlər və bu da onlarla KİV-in eyni yanaşmanı paylaşmasına səbəb olur. Ekspertlərin bəzən lazımi informasiya bankına malik olmaması, beynəlxalq təcrübəni izləyərək müqayisəli təhlillər aparmaması da özünü qabarıq göstərir.

Fikrimizcə, problemin aradan qaldırılması üçün aşağıda qeyd olunan təkliflərin nəzərdən keçirilməsi məqsədəmüvafiq olardı:

  • Dövlət strukturları və özəl qurumlar öz fəaliyyət sahələri üzrə cəmiyyət üçün maraqlı ola biləcək məsələlərin şərhi məqsədilə yüksək təcrübə, bilik və bacarıqlara, analitik təfəkkürə malik əməkdaşlarının KİV-lərlə sıx əməkdaşlığını təmin etməlidirlər;    
  • Dövlət qurumlarının müxtəlif sahələr üzrə KİV-lə işləyəcək ekspertlərinin siyahısı hazırlanmalı, onların əlaqə vasitələri əlçatan olmalıdır;
  • KİV-lərin aparıcı elmi-tədqiqat müəssisələrinin, habelə ayrı-ayrı nazirliklərin nəznindəki mərkəzlərin elmi bilik və tədqiqat bacarıqlarına malik əməkdaşları ilə əlaqələrinin genişləndirilməsi üçün praktik addımlar atılmalıdır;
  • Müxtəlif dövlət qurumlarında müvafiq mütəxəssislərin iştirakı ilə ay ərzində azı 1 ya 2 dəfə brifinqlərin, mətbuat konfranslarının, “dəyirmi masa”ların keçirilməsi təcrübəsindən geniş istifadə olunmalıdır.
  • Azərbaycanda dövlət səviyyəsində yeni yaradılan qurumların təhlil mərkəzlərinin (Sosial Tədqiqatlar Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi) ekspertlərinin media ilə əlaqələri daha da genişləndirilməlidir;  
  • KİV-lər qeyri-hökumət təşkilatları ilə əlaqələrini daha da genişləndirməli, eyni zamanda xarici ölkələrdəki analoji qurumlara çıxış imkanı əldə etməlidirlər.
  • Dövlət qurumları cəmiyyətdəki hadisələrə operativ və çevik reaksiyanın təmin edilməsi məqsədilə müstəqil ekspertləri zəruri informasiyalarla təmin etməlidirlər.
Samir Mustafayev

1978-ci ildə Ağsu rayonunda anadan olub. 1996-2000-ci illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin bakalavr, 2003-cü ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildən AMEA-nın aspiranturasında elmi tədqiqatla məşğul olub, 2008-ci ildə filologiya üzrə namizədlik dissertasiyası müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 2009-cu il 3 yanvar tarixli qərarı ilə filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülüb. 2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə distant təhsil alıb. 1996-1999-cu illərdə “Millət”, 1999-2003-cü illərdə “Bizim ƏSR”, 2003-2011-ci illərdə “Azərbaycan”, 2012-2014-cü illərdə “Vergilər” qəzetlərində, 2014-cü ildən 2020-ci ilin may ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda çalışıb. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli Sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. Media sahəsi üzrə bir sıra kitab və bülletenlərin hazırlanmasında iştirak edib. 2020-ci ilin avqust ayından Media Təhlil Mərkəzində çalışır.